banner image

BITKI ZƏRƏRVERİCİLƏRİNƏ QARŞI MÜBARİZƏ

Çap PDF faylını al

 

     İnkişaf etməkdə olan Respublikamızda meyvəçilik və bostan-tərəvəz istehsalı ilə məşğul olan çoxlu fermer təsərrüfatları yaranmışdır.

     Bitki zərərvericiləri bitkilərin şirəsi ilə qidalanaraq, gövdə və budaqları deformasiyaya uğradır, fotosintez və tənəffüs prosesini pozur. Nəticədə yarpaqlar, meyvələr tökülür, bitki zəifləyir. Güclü yoluxmuş bitki isə tamamilə məhv olur. Əksər zərərvericilərin xırda ölçülü olmaları, bədən quruluşlarının mühit şəraitinə uyğunluğu, kütləvı çoxalma qabiliyyəti və ekoloji plastikləri onların hər yerdə geniş yayılmasına imkan yaradır. Təbii ki, zərərvericilərin qarşısını almaq üçün mütləq bioekoloji xüsusiyyətlərini öyrənmək lazımdır. Əks təqdirdə onlara qarşı mübarizə tədbirlərini həyata keçirmək mümkün olmaz.

     Bu zərərvericilərin bioekoloji xüsusiyyətlərini bilməyən, onların təbii düşmənlərini tanımayan fermerlər çox vaxt kimyəvi mübarizəyə üstünlük verirlər Bu və ya digər zərərvericiyə qarşı müxtəlif zərərli dərmanlardan istifadə etməklə onlar torpağı zəhərləyir, müxtəlif faydalı həşəratları məhv edir, ətraf mühiti çirkləndirirlər. Bu zəhərli maddələr yetişdirilən kənd təsərrüfatı məhsullarında toplanır, nəticədə insanlar tərəfindən istifadə olunduqda müxtəlif onkoloji, allerjik xəstəliklərin yaranmasına və artmasına səbəb olur. Bütün bu xoşagəlməz halları aradan qaldırmaq üçün kənd təsərrüfatı məhsulları istehsal edən fermerlər kimyəvi preparatlardan az istifadə etməlidirlər.

     Müasir dövrdə aparılan mübarizə üsulunun ən əhəmiyyətlisi, bir neçə tədbirin birləşdirilmiş (inteqrir) yolla aparılması üsuludur. Bundan başqa bir çox zərərverici həşəratları məhv etmək məqsədi ilə aqrotexniki, bioloji, mexaniki və kimyəvi mübarizə üsüllarından istifadə olunur.

     Bitki zərərvericilərinə qarşı ən gözəl mübarizə üsulu bioloji mübarizə üsuludur. Çünki bu üsul insan, heyvan və bitkilər üçün zərərsizdir. Zərərvericilərin təbii düşməni olan xeyirli həşəratların fəaliyyəti nəticəsində, ilkin  inkişaf mərhələlərində həmin zərərvericiləri hələ bitkilərə zərər verməmiş məhv etmək mümkündür.

     Bioloji mübarizədə parazit və yırtıcı həşəratlardan istifadə edilir. Bunlardan əlavə təbiətdə çoxlu miqdarda müxtəlif mikroorqanizmlər -göbələklər, bakteriyalar viruslar və s. vardır ki, bunlar həşərat və digər zərərverici orqanizmlər üzərində parazit həyat keçirərək onları məhv edirlər, məsələn entobakterin, bitoksibasillin, boverin və s. Parazit və yırtıcılardan isə trixoqramma, afelinus, bracon hebetor, agemaspis, parabüzən, qızılgöz, kolosoma, sundomis fedea və s. həşəratlardan istifadə edilməsini göstərmək olar.