AZƏRBAYCAN ZƏFƏRANI

Печать PDF

 

     Zəfəran çox qiymətli olduğu üçün “Şərqin möcüzəsi” adlandırılır. Zəfəran çoxillik ot bitkisidir, hündürlüyü 0,2-0,3 m-ə qədərdir. Zəfəran çiçəyində olan dişicik telləri çox böyük müalicəvi əhəmiyyətə malikdir, məhz bu bitkini dünyada məşhurlaşdıran da bu tellərdir. Azərbaycanda 6 növü var. Bu növlərə - Adi zəfəran, Xəzər zəfəranı, Adam, Artvin zəfəranı, gözəl zəfəran və çoxçiçəkli zəfəran aiddir. Zəfəranın ətri isə dünyada analoqu olmayan unikal bir ətirdir.

     Müasir Avropa dövlətlərində zəfəran bir ədviyyat kimi yalnız bəzi xalqlar tərəfindən istifadə olunur. İtaliya, İspaniyada balıq və digər dəniz məhsullarından, düyüdən hazırlanan yeməklərdə, bəzi şirniyyatların hazırlanmasında zəfərandan istifadə edilir. Həm gözəl rənginə, həm də ətrinə görə zəfəran çox qiymətli ədviyyat kimi bəyənilir.

     Zəfəranın Azərbaycanda – Bakıda əkilib becərilməsi isə çox qədim tarixə malikdir. XVIII əsrdə Bakı şəhərinin gerbində zəfəran təsvir olunur. Gerbdə yüklü dəvə, yükün üstündə isə çiçək açmış zəfəran təsvir edilmişdir. Keçmiş SSRİ-də zəfəran ancaq Azərbaycanda ( Abşeronda, Bilgəhdə ) becərilir. Burada  1927-ci ildən etibarən xüsusi Zəfəran sovxozu təşkil olunmuşdur.

     Zəfəran hal-hazırda müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə edilir. Zəfəranın tərkibində efir yağı, boyayıcı maddələr, azotlu maddələr, şəkər, sellüloza və B2  vitamini vardır. O tinktura şəklində mədə xəstəliklərində, əsəb sakitləşdirici vasitə kimi, xalq təbabətində qıcolma, göy öskürəkdə, göz ağrısında, uçutma və qızdırma vaxtı dəri səthinə sürtülür. Əsasən zəfəranın ləçəklərindən geniş istifadə olunur, çünki onların tərkibində çoxlu miqdarda efir yağları, eləcə də nikrosin və krosin adlanan qlukozid xassəli maddələr vardır. Hesablamalara görə, 1 kq zəfəran saçağı əldə etmək üçün 200000-ə qədər çiçək toplamaq lazımdır.

     Son illərdə zəfəranın müxtəlif şiş xəstəliklərində də böyük rol oynadığı aşkarlanmışdır. Onun tərkibinə daxil olan karotinoidlər müxtəlif sintetik vasitələrlə birlikdə xərçəng əleyhinə istifadə oluna bilər.

     Zəfəranın dişicik tellərinin dilin altına qoyulması beyin hüceyrələrinə və damarlara yaxşı təsir edir, onların kirəcləşməsinin qarşısını alır, gözün torlu qişası xəstəliklərinin, mirvari suyunun, sarılıq, ürək infarktı, öd kisəsi, mədə-bağırsaq xəstəliklərinin müalicəsinə kömək edir. Orqanizmə güc və gümrahlıq verir. Zəfəranın nəinki dişicik telləri, eləcə də digər hissələri – erkəkcik telləri sonsuzluqla qarşı, qurudulmuş çiçək ləçəkləri isə sinə yumşaldıcı vasitə kimi istifadə olunur.

     Qədim Şərqin möcüzəli bitkisi olan zəfəranın öyrənilməsi və bir çox xəstəliklərin müalicəsində tətbiqi milyonlarla xəstələrin şəfa tapmasına kömək edə bilər.