ARIÇILIQ VƏ ARI MƏHSULLARI

Печать PDF

 

      Arıçılıq həmişə Azərbaycanda ən sevimli peşələrdən biri olmuşdur. Qədim  dövrlərdən bərı ətirli dada və xüsusi müalicəvi əhəmiyyətə malik olan Azərbaycan balı bütün Şərqdə məşhur idi. Nəsillərdən–nəsillərə keçərək günümüzə qədər gəlib çıxan arıçılığa maraq getdikcə çoxalır. Nəticədə arı məhsullarına təlabat daha da artır ki, bu da onun gəlirli sahələrdən birinə çevrilməsinə səbəb olur.

     Arıçılıq - bal arılarının yetişdirilməsini, çoxaldılmasını, saxlanılmasını, onlardan entomofil kənd təsərrüfatı bitkilərinin tozlandırılmasında istifadə edilməsini, arıçılıq məhsullarının istehsalını və emalını əhatə edən kənd təsərrüfatı sahəsidir.  Arıçılıq məhsullarından təbabətdə geniş istifadə edilir. Arı zəhəri, arı südü, vərəmum və baldan müxtəlif xəstəliklərin müalicəsində istifadə olunması bunun bariz nümunəsidir.

     Bal – arılar tərəfindən bitkilərdən toplanan, şəfaverici təsiri çox güclü olan qida məhsuludur. Balın kimyəvi tərkibi 20% sudan, 75% şəkərdən və 5% başqa maddələrdən ibarətdir. Bal yeganə qida məhsuludur ki, orqanizm tərəfindən tam mənimsənilir və heç bir qalıq saxlamamaqla yanaşı, orqanizmi şlaklardan təmizləyir. O, daxili orqanları sağlamlaşdırır, insana enerji verir, iradəni möhkəmləndirir, cavanlığı qoruyub saxlayır, ömrü uzadır. Balın köməyi ilə zəif və  arıqlamış xəstələrin ümumi vəziyyəti düzəlir,  qanında hemoqlabinin miqdarı artır. Baldan mədə-bağırsaq, ürək-damar, vərəm və s. xəstəliklərdə də istifadə olunur. Təbii balın antiseptik xüsusiyyətləri onun infeksiyalara, mikroblara qarşı təsirli olmasında və yaraların sağalmasında özünü büruzə verir.

     Arı zəhəri – arıların zəhər vəziləri tərəfindən ifraz olunan və xüsusi kisəyə toplanan məhsuldur. Təbabətdə arı zəhəri natural şəkildə bilavasitə arı sancması ilə və müxtəlif preparatlar şəklində istifadə edilir. Arı zəhəri oynaq revmatizminin və sinir xəstəliklərinin, radikulit və üçlü sinirin nevralgiyasının müalicəsində yaxşı nəticə verir. Arı zəhəri qanda qan laxtalanmasını azaldır, eritrositlərin çökmə reaksiyasını aşağı salır, qan təzyiqini azaldır və maddələr mübadiləsini yaxşılaşdırır.

     Vərəmum – bitkilərin tumurcuqlarından arılar tərəfindən toplanmış qətrana bənzər müalicəvi məhsuldur. Vərəmum çox güclü antibiotik, antivirus və antiseptik xassəyə malikdir. Güclü ağrıkəsicidir. Anginanın yeganə təbii müalicəsi propolislə mümkündür. Bütün dəri xəstəlikləri, adi və uzun müddət sağalmayan yaralar, mədə xorası, onikibarmaq bağırsağın yaraları, soyuq dəymə xarakterli ginekoloji xəstəliklər, babasil, qripp, nevritlər, radikulitlər, ağ ciyərin vərəmi və s. xəstəliklərin müalicəsində istifadə olunur.

     Arı südü – arıçılıq məhsuludur. Arı südü 5-15 günlük körpə işçi arıların udlaq və üst çənə vəzilərində hazırlanır. Xroniki qastrit, anemiya, görmə qabiliyyətinin azalmsı, bağırsaq pozğunluqları, maddələr mübadiləsinin pozulması, kişi cinsi zəifliyi arterial təzyiqin stabilləşdirilməsi, sidik və öd yollarının xroniki xəstəlikləri və s. zamanı arı südündən hazırlanan dərmanlar yüksək təsirə malikdir. Axşam və gecə saatlarında isə arı südü qəbulu məsləhət olunmur.

    Arı məhsullarının müalicə məqsədilə işlədilməsi böyuk əhəmiyyətə malikdir.